Yeyərək arıqlamaq

Dieta dedikdə gözümüzün qabağına dərhal aclıq, qadağalar və əsəbilik gəlir. Bəs ac qalmadan arıqlamaq mümkündürmü? Bu məqalədə Sizi artıq kiloqramları yox edən şorba və 7 günlük menyu ilə tanış edəcəyik.
Yeyərək arıqlamaq üçün möcüzəvi şorba
Bu şorba yağları yandırır və insanı tox saxlayır.
Tərkibi
- Orta ölçülü soğan – 6 ədəd
- Pomidor – bir neçə ədəd
- Kələm
- Yaşıl bolqar bibəri – 2 ədəd
- Kərəviz – 1 sap
- Tərəvəz bulyonu (marketlərdə kubik formasında satılan)
Ərzaqları doğrayıb, üzərinə su tökün. Duz və bir qədər istiot əlavə edin. Zəif odda tərəvəzlər yumşalana qədər bişirin.
Yeyərək arıqlamaq – 7 günlük dieta
I – meyvə günü
Şorba (yuxarıda qeyd olunan şorba) və meyvələrlə qidalanın. Lakin meyvəni çox yeməyin. Çünki meyvə həddindən artıq yeyildikdə yağa çevrilib, dəri altında yığıla bilir. Bu isə portağal qabığı görüntüsü yaradır.
Qadağan olunan meyvələr: banan, üzüm və avokado. Bananın kalorisi yüksəkdir, üzüm şəkər, avokado isə yağlarla zəngindir.
Gün ərzində şəkərsiz çay, qəhvə içə bilərsiniz. Sadəcə qəhvəyə süd qatmayın.
II – tərəvəz günü
Yalnız şorba, çiy və ya konservləşdirilmiş tərəvəz yeyin. Konservləşdirilmiş məhsul alarkən duzunun az olmasına fikir verin. Göyərtinin miqdarına məhdudiyyət qoyulmur. İstədiyiniz qədər yeyə bilərsiniz.
III – meyvə-tərəvəz günü
Kartof, üzüm, banandan başqa hər növ meyvə-tərəvəzə icazə verilir.
IV – banan günü
Çoxlarınız sual verə bilər. Məgər banan yeyərək arıqlamaq olar? Bəli, bu dietanın 4-cü günündə olar. Meyvə-tərəvəz gününə 3 banan əlavə edib, bu qaydada qidalanın.
V – mal əti günü
Meyvə-tərəvəz əvəzinə, mal əti ilə pomidor yeyin. Fikir verin ki, ət yağsız olsun. Günə 500 qr ət soyutması, istənilən miqdarda pomidor yeyə bilərsiniz.
VI – mal ətinin növbəti günü
Qidalanma tərzi V gündə olduğu kimidir. Yalnız pomidoru yarpaqlı tərəvəzlərlə əvəz edin.
VII – düyülü şorba günü
Şorbanı hazırlayarkən içinə bir qədər qəhvəyi düyü əlavə edin. Bu formada yeyin. Həmçinin az miqdarda meyvə şirəsi içə bilərsiniz. Şirəni evdə özünüz hazırlayın, marketdən almayın.
Yeyərək arıqlamaq üçün ərzaqlar
Dietoloqlar arıqlamaq üçün qida məhsullarının siyahısını tərtib etmişlər. Lakin onların hamısını eyni gündə və çox miqdarda yemək olmaz. Ərzaqlardan növbəli şəkildə, az miqdarda və saxladığınız pəhriz menyusuna uyğun istifadə edin.
Yumurta yeyərək arıqlamaq
Yumurtanı qayğanaq deyil, soyutma şəklində yemək lazımdır. 1 ədəd yumurta sutkalıq zülal normasının 15%-ni təşkil edir.
Kələm turşusu ilə arıqlamaq
Bu formada hazırlanmış kələmdə yüksək miqdarda sellüloza (qida lifləri) vardır. Onun hesabına bağırsağın fəaliyyəti normaya düşür, qəbizlik problemi aradan qalxır.
Sobada bişmiş kartof yeyərək arıqlamaq
Sobada hazırlanmış kartof orqanizm tərəfindən tam həzm olunur, mədədə ağırlıq hissi yaratmır. Tərkibindəki pektin bədəni toksinlərdən təmizləyir. Kalium isə əzələlər üçün xeyirlidir. Ancaq kartof az miqdarda yeyilməlidir.
Qatıq yeyərək arıqlamaq
2% yağlılığı olan qatıqla arıqlamaq üsulunu əksər dietoloqlar məsləhət görürlər. Qatıq həm də bağırsaq mikroflorasını tənzimləyir.
Ənginar yeyərək arıqlamaq
Bu tərəvəzin kalorisi çox aşağıdır. Tərkibində zülal və karbohidratlar düzgün nisbətdədir. Onu müntəzəm şəkildə yedikdə asanlıqla arıqlayacaqsınız. Ənginar həm də sellüloza mənbəyidir.
Lobya yeyərək arıqlamaq
Qırmızı lobya asanlıqla həzm olunan bitki zülalları, mineral və vitaminlərlə zəngindir. Qida lifləri sayəsində həzm prosesi yaxşılaşır, xroniki qəbizlik yox olur. Üstünlüklərindən biri də odur ki, lobyanın qiyməti çox münasibdir.
Badam yeyərək arıqlamaq
Pəhriz saxladıqda aclıq hissini aradan qaldırmaq üçün meyvənin yanında badam da atışdırsanız, axşam yeməyinə qədər tox qalacaqsınız.
Zeytun yeyərək çəki atmaq
Zeytun mədənin işini normallaşdırır, çəkini nəzarətdə saxlamağa kömək edir. Gündə 10 ədəd zeytun və 1 xörək qaşığı zeytun yağı bədəndən toksinləri, şlakları kənarlaşdırır.
Kişmiş yeyərək arıqlamaq
Kişmiş piy qatını əridir. Pəhriz saxladıqda arabir çay içərkən kişmiş yemək olar. Aşağıdakı resept üzrə şirniyyatı əvəz edən dadlı cem hazırlaya bilərsiniz:
- 100 qr kişmiş
- 100 qr qaysı
- 400 qr qaragavalı qurusu
- 200 qr bişmiş itburnu meyvəsi
- bir qədər bal
Hamısını qarışdırıb gündə 2 dəfə 1 xörək qaşığı yeyin.
Xülasə
Məqalədən də gördüyünüz kimi çəki atmaq üçün ac qalmağa gərək yoxdur. Yeyərək arıqlamaq həqiqətən mümkündür.