Arıqlamaq üçün pəhriz yeməkləri
Arıqlamaq üçün qidalar dedikdə dərhal gözümüzün qabağına soyutma, suda bişmiş, dadsız, duzsuz tərəvəzlər gəlir. Ancaq əslində dietik yeməkləri hər zaman bu cür hazırlamağa gərək yoxdur. Pəhriz saxlayanlar üçün maraqlı reseptlər, arıqlamaq üçün xüsusi yeməklər vardır.
Sadəcə bir vacib qayda var: arıqlamaq üçün pəhriz yeməkləri kalori baxımından ciddi məhdudlaşdırılmışdır. Yəni 100 qram dietik yeməyin enerji dəyəri 150 kaloridən çox olmamalıdır. Gəlin reseptlərə nəzər yetirək.
Arıqlamaq üçün pəhriz yeməkləri – Kefirdə döş əti
Tərkibi
- toyuğun döş əti
- kefir – 200 ml
- sarımsaq – 2 diş
- yağ – 1 x.q.
- duz, istiot
Hazırlanması
- Döş ətini dəridən ayırıb yuyun. Sonra bıçaqla çoxsayda dərin kəsiklər atın.
- Sarımsağı xırda-xırda doğrayıb, kefir, duz, istiotla qarışdırın.
- Döş ətini kefirə batırıb, 2 saat gözləyin. Başqa sözlə desək, basdırma edin. Çox saxlamaq lazım gəldikdə soyuducuya qoyun.
- Soba üçün tavanı yağlayın. Döş ətini ora düzüb, üzərinə kefir tökün.
- 180° temperaturda 35 dəqiqə müddətində bişirin.
Arıqlamaq üçün pəhriz yeməkləri – Pomidor şorbası
İnqrediyentlər
- toyuq bulyonu – 500 ml
- kələm – 150 qram
- kök, baş soğan, şirin bibər – hər biri 100 qram
- sarımsaq – 2 diş
- pomidor – 300 qram
- zeytun yağı – 1 x.q.
- keşniş, şüyüd – istəyə görə.
Reseptdəki toyuq bulyonunu tərəvəz bulyonu ilə əvəz edə bilərsiniz.
Hazırlanması
- Soğanla kökü təmizləyib, xırda-xırda doğrayın. Tavaya yağ tökün və tərəvəzləri qızardın.
- Pomidorların qabığını soyun. Kubik şəklində doğrayıb, qızartdığınız tərəvəzlərə qatın. 5 dəqiqə bişirin.
- Bulyonu qızdırıb, içərisinə 1 çimdik duz atın.
- Kələmi nazik və uzun,şirin bibəri isə kubik şəklində doğrayın. Onları bulyona qatıb, yumşalana qədər bişirin.
- Pomidorlu qarışığı bulyonlu qazana tökün və yaxşıca qarışdırın
- Sonda şorbaya əzilmiş sarımsaq, ədviyyat, göyərti əlavə edib, qaynayan kimi qazın altını söndürün.
Arıqlamaq üçün pəhriz yeməkləri – Dietik borş
Tərkibi
- toyuq filesi – 200 qr
- kələm – 500 qr
- qırmızı çuğundur – 1 ədəd
- kartof – 3 ədəd
- pomidor – 2 ədəd
- baş soğan – 1 ədəd
- kök – 1 ədəd
- 10%-li xama
- duz, istiot – bir çimdik
Hazırlanma qaydası
- Çuğundur və kökü folqaya büküb, sobada 30 dəqiqə bişirin .
- Xırda kubik formasında doğranmış toyuq filesini 2 litr suda qaynadın.
- Kartofu təmizləyib kubik kimi, kələmi isə xırda-xırda doğrayın. Onları toyuq olan qazana əlavə edin.
- Pomidor və soğanın qabığını soyub doğrayın. Ayrı tavada bişirin.
- Bulyona qatdığımız kartof yumşaldıqda kök, çuğundur və soğanla pomidoru qazana tökün. Duz və istiotlayın.
- 5 dəqiqə bişdikdən sonra qazın üstündən götürün.
- Süfrəyə verdikdə istəyə görə boşqaba xama əlavə edə bilərsiniz.
Arıqlamaq üçün pəhriz yeməkləri – Russayağı doğramac
Tərkib hissələri
- yağsız kefir – 500 mq
- suda bişmiş toyuq əti – 400 qr
- qaynadılmış yumurta – 2 ədəd
- qaynadılmış kartof – 2 ədəd
- xiyar – 3 ədəd
- turp – 100 qr
- şüyüd, cəfəri, keşniş
Hazırlanması
Toyuq ətini və tərəvəzləri kubik şəklində doğrayın. Sonra dərin qabda kefir və göyərti ilə qarışdırıb duzlayın. Bu pəhriz yeməyini kartofsuz da hazırlamaq olar.
Arıqlamaq üçün pəhriz yeməkləri – Göbələk supu
İnqrediyentlər
- kartof – 3 ədəd
- kök – 3 ədəd
- şampinyon – 1 kq
- sarımsaq – 2 diş
- duz, istiot
- cəfəri, şüyüd
Hazırlanması
- Kartofla kökü kubik şəklində doğrayıb, suda 20 dəqiqə qaynadın.
- Bu müddət ərzində yuyulmuş və doğranmış göbələkləri şorbaya qatın.
- 10 dəqiqədən sonra qazın altını söndürün.
- Şorbanı blenderlə püre halına gətirin. Ora əzilmiş sarımsağı əlavə edib, 5 dəqiqə bişirin.
- Süfrəyə verməzdən əvvəl yeməyi göyərti ilə bəzəyin.
Arıqlamaq üçün pəhriz yeməkləri – Pendirli, tərəvəzli omlet
Tərkibi
- yumurta – 4 ədəd
- süd – 20 qram
- yağ – 20 qram
- pendir – 50 qram
- pomidor – 2 ədəd
- bolqar bibəri – 1 ədəd
- şüyüd – 1 dəstə
- yaşıl soğan – 1 dəstə
- duz – 1 çimdik
Hazırlanması
- Tavaya yağ atıb, orada əvvəlcədən doğranmış pomidor və bibərləri qızardın. Duz qatmağı unutmayın. 5-7 dəqiqə bişirdikdən sonra tavanı kənara qoyun.
- Pendiri sürtkəcdən keçirin.
- Yumurtaları südlə qarışdırın.
- Tavaya bir az yağ atıb, yumurtalı südü ora tökün və asta-asta bişirin. Yumurtanın altı tam, üstü isə azacıq bişməlidir, yəni bərk olmamalıdır.
- Digər tavadakı bişmiş tərəvəzləri, doğranmış göyərtini, sürtkəcdən keçirilmiş pendiri omletin bir yarısına tökün. Digər yarısı ilə üstünü bağlayın.
- Tavanın qapağını örtüb, zəif odda 2 dəqiqə bişirin.
Xülasə
Sizi asan hazırlanan, dadlı və doyumlu pəhriz yeməkləri ilə tanış etdik. Reseptlər çörəksiz arıqlamaq üçün nəzərdə tutulmuşdur.