Arıqlamaq üçün qidalar

09 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün pəhrizlər Müəllif:
Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 19
Arıqlamaq üçün qidalar şəkil

Balanslaşdırılmış və düzgün qidalanmaq düzgün və sağlam arıqlama üsuludur. Arıqlamağın ən yaxşı yolu – sağlam qidalanmaqdır. Təklif etdiyimiz arıqlamaq üçün qidalar menyunuzu düzgün tərtib etməyə və yağların yanmasını sürətləndirməyə kömək edəcək. Porsiyanın ölçüsü və gündə neçə dəfə yemək heç biri çəkiyə təsirsiz ötüşmür. Ona görə bu məsələlərə də aydınlıq gətirməyə çalışacağıq.

Artıq çəkili insanlar arıqlamaq üçün bir çox üsullardan istifadə edirlər və onların bəziləri sağlamlıqlarını təhlükə altında qoyur. Çay, kapsul və ya tablet formasında internet-mağazalarda satılan arıqlama preparatları orqanizmə zərər vura bilər. Ona görə də həkim-qastroenteroloqlar və dietoloqlar onları qəbul etməyi qadağan edirlər. Mütəxəssislər artıq çəkidən əziyyət çəkən insanları “bir həftəyə 10-15 kq arıqlayacaqsınız” kimi vədlərə inanmamağa çağırır. Ziyansız bu qədər arıqlamaq mümkün deyil.

Sağlam və düzgün arıqlamağın yeganə yolu balanslaşdırılmış və düzgün qidalanmaqdır. Artıq çəki ilə mübarizədə heç bir dərman istifadə etmədən yağları yandıran pəhriz yeganə təhlükəsiz üsuldur.

Arıqlamaq üçün qidalar 2 şəkil

Arıqlamaq üçün vacib olan qidalarla tanış olun:

Qarabaşaq

Qarabaşaq yarması ən faydalı yeməklərdəndir. Yarma həzm sistemini normallaşdırır, bağırsaqların təmizlənməsinə şərait yaradır. Qarabaşaq yarmasının tərkibində bitki zülalları (metionin, lizin aminturşusu), ləng karbohidratlar, vitaminlər (B və E) və bir çox faydalı minerallar var. Bu xüsusiyyətinə görə o, dietik qidalanmanın tərkib hissələrindən biridir. Yarmanın başqa bir müsbət cəhəti də immuniteti gücləndirməklə orqanizmi sağlamlaşdırmağıdır.

Balıq

Öz rasionunuza müxtəlif balıqları – skumbriya, losos (qızılbalıq), siyənək, forel, ton balığı, paltus, treska və s daxil edin. Təkcə menyunuzu balıq yeməkləri ilə zənginləşdirməklə ayda 2-3 kq-a yaxın artıq çəkidən qurtula bilərsiniz. Menyunuzda əti məhdudlaşdırın və belə qidalara üstünlük verin.

Zeytun yağı

Hazırladığınız salata adi bitki yağı və ya mayonez qatmayın. Bunun üçün yalnız zeytun yağından istifadə edin. Unutmayın ki, pəhriz saxlayarkən qızardılmış yeməklər yemək məsləhət görülmür. Əgər sobada nəsə bişirməlisinizsə, bir az zeytun yağı istifadə edə bilərsiniz.

Laminariya

Laminariya “dəniz kələmi” adı ilə məşhurdur. Bu bitki də pəhriz ərzaqlarına daxildir. “Dəniz kələmi” yodla zəngindir və onun orqanizmdə çatışmazlığı qalxanabənzər vəzin funksiyalarının pozulmasına gətirib çıxarır, nəticədə isə piylənmə baş verir. Ona görə də dietik rasiona laminariyanı da daxil etmək faydalıdır.

Tərəvəzlər

Sağlam arıqlamaq üçün qidalar tərəvəzlərsiz təsəvvür edilə bilməz. Tərəvəzlərdən ibarət təzə salat yağların yanması prosesini sürətləndirmək üçün ideal məhsuldur. Artıq çəkilərdən azad olmaqda sizə kömək edəcək bəzi tərəvəzlərlə tanış olun:

  • Yerkökü;
  • Kərəviz;
  • Xiyar;
  • Pomidor;
  • Kələm;
  • Çuğundur;
  • Qırmızı turp;
  • Şalğam.

Yağların yanmasını sürətləndirən bu tərəvəzlərdən müxtəlif salatlar hazırlaya bilərsiniz. Beləliklə, arıqlama menyunuz monoton və “sıxıcı” olmaz, əksinə, iştahlandırıcı görünər. Rasionunuzda istixana tərəvəzlərindən yox, təbii şəraitdə yetişmiş ərzaqlardan istifadə edin. “Meyvə-tərəvəz mövsümü”ndə (yayda və payızda) maksimum tərəvəz yeməyə çalışın.

Arıqlamaq üçün qidalar 1 şəkil

Göyərtilər

Müasir dövrdə istənilən alış-veriş mərkəzində və ya supermarketdə göyərtilərin müxtəlif növlərini tapmaq olur. Şüyüd və cəfəri yeməklərdə daha çox üstünlük verilən göyərtilər olsa da, arıqlamaq üçün qidalar axtararkən başqa göyərtilərlə də zəngin reseptləri seçmək məsləhət görülür. Yeməklərinizdə ispanaq, əvəlik, reyhan, razyana, rozmarin və s. də istifadə edin.

Təzə sıxılmış tərəvəz şirələri, salatlar və başqa yeməkləri hazırlayarkən göyərtidən çox istifadə edin. Bu tərəvəzləri təzə, heç bir termiki işlənmə keçmədən istifadə etmək lazımdır, çünki tərkibindəki vitaminləri məhz bu şəkildə mənimsəmək olur. Göyərtliləri yemək bişdikdən sonra onun üstünə də tökmək olar. Hazır şorbanın və ya az suda bişirilmiş (pörtlədilmiş) tərəvəzlərin üstünə şüyüd və yaxud da başqa göyərti tökə bilərsiniz.

Meyvələr və giləmeyvələr

Yağların parçalanmasında effektli olan meyvə və giləməyvələrə aşağıdakıları misal göstərmək olar:

  • Ananas – azkalorili meyvədir. Onun tərkibi liflər, üzvi turşular, A və B vitaminləri, kalium, kalsium, yod, dəmir, fosfor və başqa faydalı maddələrlə zəngindir. Bu unikal tərkibinə görə ananası da pəhriz rasionuna daxil etmək və yeməkdən dərhal sonra yemək olar.
  • Qreypfurt – yağ parçalayan təbii vasitədir. O, qanda qlukozanın miqdarını azaldır, immuniteti gücləndirir, toksinləri orqanizmdən çıxarır, maddələr mübadiləsini və yağların yanma proseslərini sürətləndirir.
  • Portağal – minimal kalorili və maksimal doyma hissi yaradan meyvədir. 1 protağal yeməklə 3 saat aclıq hiss etməyəcəksiniz.
  • Çiyələk, moruq, qarağat, gavalı, mərcanı faydalı giləmeyvələr hesab olunur.

Süd məhsulları

Belə qidalara kəsmik, yoqurt, turşumuş süd (təbii şəkildə fermentasiya olmuş) və qatıq aiddir. Bu məhsulların tərkibi kalsiumla zəngindir. Kalsium isə yağların sərfini sürətləndirir.

Arıqlamaq üçün pəhriz reseptləri seçərkən çalışın ki, bütün bu sadalanan məhsullara rasionunuzda yer verəsiniz. Menyunuzu düzgün təşkil etmək və düzgün porsiya seçmək üçün dietoloqa müraciət etməyiniz daha yaxşı olar. Əgər belə bir imkanınız yoxdursa, onda unutmayın ki, gündə 5 dəfədən çox olmayan porsiya yemək arıqlamanın qızıl qaydasıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.