Arıqlamaq üçün idman hərəkətləri
Artıq çəkidən əziyyət çəkən insanlar arıqlamaq üçün müxtəlif vasitələrə əl atırlar. Onlara çörək yemədən arıqlamaq, su ilə arıqlamaq, pəhriz yeməkləri, arıqlamaq üçün dərmanlar və müxtəlif aparat prosedurlarını misal göstərmək olar.
Texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə insanlarda tənbəllik gün-gündən artır. Azhərəkətlilik bilavasitə kökəlməyə səbəb olduğundan arıqlamaq üçün idman hərəkətləri etmək lazımdır. Sizə ən effektiv hərəkətləri təqdim edirik.
Çöməlmə hərəkətləri
Yarımçıq oturma, yəni çöməlmə baldır, sağrı və bud əzələlərini işlədir. Çömələrkən pəncə döşəmədən ayrılmamalı, diz isə ayaq barmaqları səviyyəsindən irəliyə getməməlidir.
Hərəkəti çətinləşdirmək üçün hər çöməlmədən sonra 1 dəfə hoppanmaq olar. 1 gündən bir 3 dövr təkrarlayın. Hər dövr 25 hərəkətdən ibarətdir. Beləliklə, ümumilikdə 75 dəfə çöməlmiş olacaqsınız.
Arıqlamaq üçün idman hərəkətləri – plank
Bədən quruluşunu formalaşdıran ən yaxşı idman hərəkətləri sırasındadır. Qarın, bel, sağrı, bud və baldır əzələlərini möhkəmləndirir, piy qatını əridir. Bunun üçün dirsəklər bükülmüş vəziyyətdə üzü aşağı uzanın. Nəfəs alıb verdikdən sonra dirsəklərə və ayaq barmaqlarınıza istinad edərək bədəninizi qaldırın.
Hərəkət əsnasında qarın və sağrı əzələləri maksimum dartılmalıdır. Belinizi, yəni onurğanızı isə düz saxlamalı, əyməməlisiniz. Plankı 2-3 dəqiqə olmaqla hər gün edə bilərsiniz.
Arıqlamaq üçün idman hərəkətləri – iplə hoppanmaq
Sürətlə arıqlamağın yollarından biri iplə atlamaqdır. 1-2 dəqiqədən başlayıb, vaxtı tədricən 10 dəqiqəyə qədər uzatmaq lazımdır. Hoppanarkən əl, ayaq, onurğa, qarın əzələləri işləyir, artıq çəki azalır.
Arıqlamaq üçün idman hərəkətləri – bükülmə (qıvrılma)
Arxası üstə uzanın, ayaqlarınızı dizdən bükün. Bədəninizin yuxarı hissəsini elə qaldırın ki, onurğanın orta və aşağı hissəsi döşəmədə olsun. Əlləriniz gicgahda olmalıdır. Qarın əzələləri hesabına bükülməlisiniz.
Büküldükdə dərin nəfəs alın, yerə uzandıqda nəfəsinizi verin. Həftədə 3 gün, hər gün 3 dövr təkrarlayın. Hər dövr 30 hərəkətdir.
Arıqlamaq üçün idman hərəkətləri – pliye
Ayaqları yanlara geniş açmaqla çöməlmə hərəkətidir. Budun daxili əzələlərini və sağrını işlədir. Dizlərinizi aralayıb çöməlirsiniz.
Arıqlamaq üçün idman hərəkətləri – çanaq hissəni qaldırmaqla
Bu hərəkət sağrıya cazibəli forma verir. Arxası üstə uzanın. Ayaqlarınızı sağrıya yaxın olacaq şəkildə dizdən bükün. Əllər yanlara uzanmış, ovuclar döşəməyə birləşmiş olsun. Pəncə və dizlər sağrı genişliyində (enində) olsun.
Çanağınızı elə qaldırın ki, gövdə hissəniz sağrı ilə düz xətt əmələ gətirsin. Bütün ağırlığınızı pəncələrə verin. Bu vəziyyətdə sağrı əzələlərini sıxıb 2-5 saniyə gözləyin.
Sonra çanaq hissənizi endirib, düz uzanın. 1-2 dəfə dərindən nəfəs alıb-verin və idmanı yenidən təkrarlayın. Ani hərəkətlər etməyin. Hər biri 15 hərəkət olmaqla 2-3 dövr edin.
Jimlə idman hərəkətləri
Qolları incəlmək üçün ən optimal üsuldur. Onu icra edərkən bir çox əzələ qrupları çalışır. Yeni başlayan şəxslər bu idman növünü divara dirənib edə bilər.
Üzü aşağı vəziyyətdə bədəninizi qaldırıb endirərək, dirsəklərinizi büküb açın. Tam jim edə bilmədikdə, ayaqları dizdən bükmək də olar.
İdman hərəkətləri – yan körpü
Böyrü üstə uzanın. Qarın və kürək əzələlərini gərərək, çanaq hissənizi döşəmədən elə qaldırın ki, bədəniniz ayaqlarla bir xətdə olsun.
Dirsəyə istinad edərək, onu 90° (düz bucaq altında) bükməlisiniz. Bu vəziyyətdə 15-60 saniyə (bacardığınız qədər) qalın. Sonra digər böyrü üstə bu hərəkəti təkrarlayın.
Tərsinə jimlə idman hərəkəti
Qol və döş əzələlərini işlədən, qolaltı piy qatını əridən hərəkətdir. Bunu yerinə yetirmək üçün Sizə 2 skamya lazım gələcək. Onları bir-birinə paralel şəkildə elə qoyun ki, boyunuza uyğun gəlsin.
Kürəyinizi skamyalardan birinə çevirib, ovuclarınızı skamyanın kənarlarına çiyin genişliyində qoyun. Skamyanın kənarlarından tutun. Ayaqlarınızı digər skamyanın kənarına qoyub, dirsəkləri 90° bükməklə jim edin.
Xülasə
Sadaladığımız hərəkətlərlə ev şəraitində arıqlamaq mümkündür. Yetər ki, Siz onları düzgün qaydada, müntəzəm şəkildə və ən əsası səbrlə edəsiniz.
Eladi ama ariqlamaq ucun telesirem
Əladı hər şey
tewekkur
Arıqladınız????