Arıqlamaq üçün çay resepti

Arıqlamaq çayları təbii yolla arıqlamaq üsullarından sayılır. Bu məqalədə Sizi arıqlamaq üçün çay resepti ilə tanış edəcəyik. Reseptlərə keçməzdən əvvəl bu tip çayların düzgün dəmləmə qaydasına nəzər yetirək.
Arıqlamaq üçün çay necə dəmlənməlidir?
Əvvəlcə dəm çaynikini qaynar su ilə yaxalayın. Sonra ora qurudulmuş bitki töküb, üzərinə isti su əlavə edin. Çayı qaynatmaq olmaz. Maksimum 70 dərəcəyə çatdırın. Yaxşı olar ki, çay daha aşağı temperaturda dəmirin üstündə 2 saata yaxın dəmlənsin. Hazır çayı 2 gündən çox saxlamayın.
Adi meşəgilası və mərcangilə ilə arıqlamaq üçün çay resepti
Meşəgilası (çeremuxa) və mərcangilənin (brusnika) quru meyvələrindən 10-12 qram götürün. Çaynikə 400 ml su tökün, qaynama həddinə çatdırıb zəif odda 5 dəqiqə saxlayın. Oddan götürdükdən sonra 15 dəqiqə gözləyin. Süzüb acqarnına için.
Limonotu və qaraqınla arıqlamaq üçün effektiv çay resepti
Bunun üçün 5 qr limon ləti, dərman limonotu (melissa) və qaraqınığın (duşiça) hər birindən 10 qr lazımdır. Qarışığı 300 ml suda qaynama həddinə çatdırın. Sonra odu zəiflədib, 3 dəqiqə gözləyin. Çayniki oddan kənarda 15 dəqiqə saxlayın. Ardınca süzüb, səhər saatlarında için.
Kəklikotu və nanədən arıqlamaq məqsədilə çay resepti
Bu çay üçün 10 qr nanə, eyni miqdarda kəklikotu və 1 stəkan su gərəkdir. İlkin mərhələdə otları yaxşıca yuyub, kölgədə qurudun. Sonra otları xırdalayıb, qaynar suya qatın. 7 dəqiqə müddətində zəif odda dəmləyin. Sonra dəmliyi dəsmala bükün, 10 dəqiqə saxlayın. Çayı süzüb için.
Moruq yarpaqları, dəvədabanı ilə arıqlamaq üçün təsirli çay resepti
80 qram moruq yarpağı, 10 qram tozağacı yarpağı və 10 qr dəvədabanı yarpağını qarışdırın. Üzərinə 1:20 nisbətində qaynar su tökün. 15 dəqiqə ərzində dəmləyin. Soyuduqdan sonra süzüb səhər yeməyi və nahardan qabaq 1 stəkan için.
Heyva və yemişanla arıqladan çay resepti
15 qr heyva və 12 qr yemişan meyvəsini doğrayıb yuyun. Qarışığı emallı qazana yığıb, ora 600 ml su tökün. Zəif odda 3-5 dəqiqə dəmləyin. Sonra 12-15 dəqiqə kənarda saxlayın. Süzüb acqarnına için.
Qarışıq otlardan arıqlamaq üçün çay resepti
İnqrediyentlər
- qızılağacabənzər mürdəşər kökü (kruşina) – 15 qr
- dəniz otu – 15 qr
- böyürtkən yarpağı – 15 qr
- moruq yarpağı – 15 qr
- itburnu meyvələri – 10 qr
- calluna meyvələri – 10 qr
- gicitkan yarpağı – 7 qr
- boymadərən yarpağı – 2 qr
- dazı yarpağı – 3 qr
- əməköməci yarpaqları – 7 qr
Bütün komponentləri xırdalayıb qarışdırın. 5 qram götürüb, üzərinə qaynar su tökün. 1 dəqiqə dəmləyin, sonra süzün. Çayı isti halda (qaynar yox), qurtum-qurtum için. İlk öncə gündə 200 qr-dan başlayın. Bu miqdarı tədricən 600 qrama qədər artırın. 45 gün keçdikdə hər qəbulda 200 qr olmaqla, sutkada 3 dəfə yeməkdən sonra için. Bir neçə gün sonra yavaş-yavaş azaldaraq günə 200 qrama çatdırın.
Əməköməci tərkibli arıqlamaq üçün çay resepti
Komponentlər
- əməköməci kökü – 3 hissə
- zəncirotu – 1 hissə
- cəfəri bitkisinin meyvələri – 1 hissə
- razyananın meyvəsi – 1 hissə
- acı nanə yarpaqları – 1 hissə
Bitkiləri qarışdırıb, üzərinə qaynar su tökün. 15 dəqiqə dəmləyin. Çayı süzüb 2 ay ərzində səhər tezdən acqarına 2 xörək qaşığı için.
Arıqlamaq üçün çaylara aid qaydalar
- Arıqlamaq üçün çay uzun müddət istifadə olunduqda ürək-damar və əzələ sisteminə ziyan verə bilər.
- Mədə-bağırsaq problemləri olan şəxslərə belə çaylar qadağandır.
- Arıqlamaq üçün çayları fasiləsiz şəkildə 3 həftədən çox içməyin.
- Sutkada 1-2 fincandan artıq içmək olmaz.
- Çayın tərkib komponentlərinə qarşı allergiya hallarında onun istifadəsi əks-göstərişdir
Xülasə
Təbii bitkilərdən çaylar arıqlamaq yollarından biridir. Onları düzgün qaydada hazırlayıb içdikdə nəticəsini görəcəksiniz.
Dadlı çaya oxşayır. Əgər arıqlamağa təsir edirzə, çox faydalı olacaq.