Cəfəri ilə arıqlamaq

Artıq çəkidən azad olmaq, arıqlamaq dedikdə ilk ağla gələn üsullardan biri cəfəri dəmləməsidir. Petruşka ilə arıqlamaq qadınların əksəriyyətinə məlumdur. Cəfərinin energetik dəyəri minimaldır. Bu bitki toxumalarda yağ mübadiləsini stimulə edir.
Sadalanan xüsusiyyətlərə əsaslanaraq, dietoloqlar bu göyərtini xörəklərə əlavə kimi deyil, effektiv çəki itirmə vasitəsi qismində görürlər. Arıqlamaq üçün cəfəridən dəmləmə, kokteyl, smuzi, çay hazırlanılır.
Cəfərinin dəmləməsi ilə arıqlamaq
Cəfəri dəmləməsi orqanizmdən artıq mayeni xaric edir, şişkinliyi aradan qaldırır. Onun sayəsində artıq çəkidən xilas olunur. Bu məqsədlə 1 dəstə cəfərini xırda-xırda doğrayın. Sonra 2 çay qaşığı həcmində götürüb, üzərinə 1 stəkan qaynar su tökün. 15 dəqiqə müddətində zəif odda dəmləyin. Soyuduqda tənzifdən süzün.
Gün ərzində acqarnına için. 1 dəfəlik qəbul dozası ½ stəkandır. Dəmləməni aclıq hissi gəldikcə içmək lazımdır. Onu qəbul etdikdə 2 saatlığına iştah azalır. Arıqlamaq üçün cəfəri dəmləməsi 14 gün içilməlidir.
Limon və cəfəri ilə arıqlamaq
Bu dəmləmə üçün 100 qr cəfəri, 1.5-2 litr qaynar su lazımdır. Qarışığı bir qədər qaynadın, sonra həmin qaba 1 ədəd limonun şirəsini və 1 damcı yod əlavə edin. Susuzluq hissi baş qaldırdıqda dəmləmədən bir neçə qurtum için. Aclıq hiss etdikdə 1 ədəd portağal yeyin. Qəbul kursu 10 gündən çox olmamalıdır.
Cəfərinin kökü ilə arıqlamaq
Cəfəri köklərini doğrayıb, 0.5 litrlik bankaya tökün. Üzərinə 2 xörək qaşığı bitki yağı əlavə edin. Həftədə 1 dəfə 1 gün ərzində bu qarışığı yeyin. Kurs 1-3 aydır. Digər günlər normal rejimdə ifrata varmadan qidalanın. Un məmulatları, şirniyyatlar, qazlı sulardan uzaq dursanız 1 aya 5 kq arıqlayacaqsınız.
Ekspress dieta ilə 3 günə 2 kq çəki itkisi
Səhər: 1 xör.qaş. şəkər və az miqdarda süd əlavə edilmiş kofe, çay
Atışdırma: 1 ədəd soyutma yumurta, 1 xör.qaş. doğranmış petruşka kökü
Nahar: 100 qram soyutma ət, 1 xör.qaş. doğranmış petruşka kökü
Atışdırma: 100 qram pendir və ya 200 qram kəsmik, çay/kofe
Axşam: 200-250 ml kefir
Cəfəri ilə arıqlamaq – dadlı kokteyl
İnqrediyentlər
- Limon – 1 ədəd
- Xırda doğranmış cəfəri – 2 xör.qaş.
- Su – 0.5 litr
- Bal – 1 ç.q.
Limonun suyunu sıxın. Bütün komponentləri blenderdən keçirin. 1 gündən bir bu içkini 4 xörək qaşığı miqdarında için. Tam kurs 3-4 həftədir.
Arıqlamaq üçün cəfərili smuzi
Tərkibi
- Kefir – 1 stəkan
- Sarımsaq – 1 diş
- Zəncəfil kökü – 10 qr
- Doğranmış cəfəri – 1 xör.qaş.
Sarımsağı əzin, zəncəfili doğrayın. İnqrediyentləri blenderdə qarışdırın. Smuzini yatmazdan 1 saat əvvəl için.
Cəfəri ilə arıqlamaq – növbəti smuzi
Resept
- Portağal – 1 ədəd
- Limon – 1 ədəd
- Alma – 1 ədəd
- Xiyar – 1 ədəd
- Kərəviz – 1 ədəd
- Nanə yarpaqları – 3-4 dənə
- Şüyüd – 1 dəstə
- Cəfəri – 1 dəstə
Portağal və limonun qabığını soyub, bir neçə hissəyə bölün. Almanı, xiyarı iri kub şəklində doğrayın. Kərəviz, şüyüd, nanə və cəfərini xırdalayın. Bütün məhsulları qazana töküb, ora 4 litr su əlavə edin. Soyuducuda 1 sutka saxlayın. Aclıq hiss etdikcə için.
Cəfəri ilə arıqlamaq kimlərə qadağandır?
Hamilələrə, sidik kisəsi və böyrək xəstəliklərindən, kəskin formalı patologiyalardan əziyyət çəkən şəxslərə bu vasitə ilə arıqlamaq məsləhət görülmür.
Xülasə
Cəfəri vasitəsilə arıqlamaq realdır. Ancaq yalnız cəfəri ilə iş bitmir. Mükəmməl nəticələr əldə etmək üçün həm də qidalanma rejiminizə diqqət yetirməli, arıqlamaq üçün idman hərəkətləri ilə məşğul olmalısınız.