Zəncəfilin arıqlamaq üçün faydaları

Zəncəfil orqanizm üçün faydalı bitkidir. Artıq çəkidən azad olmağa və immuniteti yüksəltməyə kömək edir. Reseptlərə keçməzdən əvvəl zəncəfilin arıqlamaq üçün faydaları ilə tanış olun.
Zəncəfilin tərkibindəki əsas xeyirli maddə gingeroldur. Onun antioksidant, antibakterial və iltihab əleyhinə təsirləri vardır.
Həmçinin zəncəfildə mövcud olan fitokimyəvi maddələr həzmi stimulə edir, qanı durulaşdırır, mədənin selikli qişasını aktivləşdirir.
Zəncəfilin arıqlamaq üçün faydaları – elmi sübutlar
Niderlandda aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, zəncəfilin kök və ot hissəsinin tərkibindəki kofein arıqlamağa kömək edir.
Zəncəfilin faydaları – №1 Kortizolun səviyyəsini tənzimləyir
Kortizol stressdən qaynaqlanan və qarında yağların toplanmasına səbəb olan faktordur. 2004-cü ildə keçirilən tədqiqatlarda zəncəfilin kortizolu inhibə etdiyi, yəni sintezini məhdudlaşdırdığı aşkarlanmışdır. Beləliklə, stress əleyhinə içkilər kortizolun yaratdığı kökəlmənin qarşısını alır.
Zəncəfilin faydaları – №2 Enerji verir
Təzə və ya toz halında zəncəfildən hazırlanmış arıqlamaq üçün içkilər enerjini artırır. Bu da öz növbəsində arıqlamaq idmanları ilə daha aktiv formada məşğul olmağa kömək edir. Həmçinin yağ və kalori itkisinə səbəb olur. Hər yeməkdən 15-20 dəqiqə əvvəl 250 ml bitki tərkibli çay içsəniz, gümrah və enerjili olacaqsınız.
Arıqlamaq üçün zəncəfilin istifadəsinə dair qaydalar
- Çay hazırlamaq üçün gündə 4 qramdan çox zəncəfil işlədilməməlidir. Əks təqdirdə ciddi mədə problemləri ilə qarşılaşa bilərsiniz.
- Öd daşı xəstəliyinə qarşı, eləcə də qan durulaşdırıcı preparatlar qəbul edənlərə qadağandır.
- Mədə-bağırsaq sistemində xora, qastrit, kolit olan şəxslərə zəncəfil istifadəsi məsləhət görülmür.
Zəncəfil çayının faydaları
Arıqlamaq üçün zəncəfilli çay maddələr mübadiləsini sürətləndirir, iştahı kəsir. Qanda şəkərin miqdarını tənzimləyir, xolesterolu nəzarətdə saxlayır. Yeməkdən 20 dəqiqə qabaq içilən çay həzmi stimulə edir, şişkinliyi aradan qaldırır.
Zəncəfilli arıqlamaq çayının resepti
İnqrediyentlər:
- zəncəfil kökü – 2 sm
- su – 300 ml
- limon – 2 dilim
- bal – istəyə görə 1 ç.q.
Hazırlanması
- Təmizlənmiş və doğranmış zəncəfili qaynar suya töküb, zəif odda 5 dəqiqə qaynadın.
- Hazır olduqda süzüb, limon və bal qatın.
- İsti halda için.
Zəncəfilin arıqlamaq üçün faydaları – darçınlı, limonlu çay
Komponentlər
- zəncəfil tozu – 1 ç.q.
- su – 250 ml
- darçın – 1/2 ç.q.
- limon – 1 dilim
- bal – istəyə görə
Hazırlanması
- Suyu qaynadın.
- Darçın və zəncəfil tozunu ora əlavə edib, zəif odda 2 dəqiqə qaynadın.
- İçkini süzüb, limon qatın.
- Bir qədər soyuduqdan sonra balla qarışdıra bilərsiniz.
- İsti halda için.
Bu tərkibə mixək, kardamon, nanə də əlavə etmək olar.
Xülasə
Zəncəfilli çay və ya digər arıqlamaq vasitələrini tətbiq etməzdən öncə mütləq həkimlə məsləhətləşin. Çünki istənilən üsul düzgün istifadə edilmədikdə sağlamlıqla bağlı ciddi problemlərə yol aça bilər.