Mixəklə arıqlamaq

Arıqlamaq üçün müxtəlif ərzaqlarla yanaşı ədviyyatlardan da istifadə olunur. Məsələn, sarıkök, çörəkotu, mixəklə arıqlamaq hər zaman aktualdır. Onların köməyilə içkilər, çaylar, dəmləmələr, skrablar hazırlamaq mümkündür.
Mixəklə arıqlamaq üçün dəmləmə
Mixək tozundan arıqlamaq çayları və dəmləmələr hazırlaya bilərsiniz. Ancaq mağazadan hazır toz almayın, özünüz üyüdün.
İnqrediyentlər
- Mixək – 1 xör.qaş.
- Qaynar su – 1 stəkan
Mixəyi toz halına gətirib, suya əlavə edin. Zəif odda 4 saat dəmləyin. İsti halda (qaynar olmasın) yeməkdən əvvəl 1/3 stəkan için. Onun sayəsində iştahınız azalacaq və arıqlayacaqsınız.
Mixəklə arıqlamaq üçün içki
Köklük maddələr mübadiləsinin zəif olması ilə bağlıdırsa, bu içkini qəbul etdikdə metabolik proseslər sürətlənəcək. Onu səhər saatlarında hazırlamaq lazımdır.
Komponentlər
- Qatqısız yaşıl çay – 2 xör.qaş.
- Mixək tozu – 1 ç.q.
- Darçın – 1 ç.q.
- Vanil – ½ ç.q.
- Qaynar su – 0.5 litr
Bütün məhsulları keramikadan düzəldilmiş dəm çaynikinə atın. Üzərinə su töküb, 20 dəqiqə dəmləyin.
Zəncəfil və mixəklə arıqlamaq
Bu dəmləmə, xüsusilə qışda içilən arıqlamaq üçün içkilərdəndir. Metabolizmi sürətləndirir, daxilinizi istiləndirir.
Tərkibi
- Mixək – 1 çay qaş.
- Yaşıl və ya qara çay – 1 çay qaş.
- Doğranmış zəncəfil – 1 çay qaş.
- Qaynar su – 0.5 litr
- Limon – yarım dilim
- Bal – ½ çay qaş.
Mixək, çay və zəncəfili dəmliyə atın. Ora su töküb, 30 dəqiqə dəmləyin. Sonra su ilə durulaşdırıb, limon və balla için. Gün ərzində 1 stəkandan artıq qəbul etmək olmaz. Əks təqdirdə mədənizdə qastrit və ya xora əmələ gələ bilər.
Mixəklə arıqlamaq üçün skrab
Mixək tozunu antisellülit skrab kimi istifadə etmək olar. Belə skrab dərini hamarlaşdırır, ona zəriflik bəxş edir.
Resept
- Şəkər tozu – 1/3 stəkan
- Üyüdülmüş qəhvə (kofe) – 2 xör.qaş.
- Mixək tozu – 1 xör.qaş.
Bütün inqrediyentləri qarışdırın. Dərinizi nəmləndirib, skrabı çəkin. Ovuclarınızla masaj edin.
İkinci variant
Sellülitli nahiyyəni əllə deyil, süngərlə (moçalka) sürtün. Nəticədə dəridə pilinq effekti yaranır, ölmüş hüceyrələr kənarlaşır, “portağal qabığı” görüntüsü azalır.
Mixəklə arıqlamaq üçün növbəti skrab
İnqredientlər
- Mixək tozu – 1 ç.q.
- Üyüdülmüş kofe – 1 xör.qaş
- Bal – 100 qram
- Şəkər tozu – 1/3 stəkan
Məhsulları qarışdırıb, pilinq kimi istifadə edin. Sellülitli nahiyəni onunla masaj edin.
Duş geli və mixəklə arıqlamaq
1-2 çay qaşığı mixək tozunu duş gelinə qatıb qarışdırın. Bu vasitəni dərinizə yaxıb, 3 dəqiqə masaj edin. Vaxt bitdikdə isti su ilə yuyunun.
Yağ formasında mixəklə arıqlamaq
Mixək yağını aptekdən ala və ya özünüz hazırlaya bilərsiniz. Evdə düzəltmək istədikdə bu reseptdən faydalanın:
- Zeytun yağı – 1 stəkan
- Mixək tozu – 1 xörək qaşığı
Komponentləri qarışdırıb, 24 saat saxlayın.
Bəzi qadınlara mixəyin efir yağını aptekdən hazır şəkildə almaq daha rahat gəlir. O zaman 1 stəkan bitki yağına 5-6 damcı mixək yağı qatıb istifadə edin.
Arıqlamaq üçün yağın istifadə qaydası
Duş qəbulundan sonra sellülitli bölgəyə yağı dairəvi hərəkətlərlə çəkib, masaj edin.
Mixəklə arıqlamağa əks-göstərişlər
- Mədə və bağırsaq xorası
- Qastrit, enterit, kolit
- Mədədə yüksək turşuluq
- Hipertoniya (yüksək arterial təzyiq)
- Böyrək və qaraciyər xəstəlikləri
- Hamilələr, süd verən analar
- Mixəyə qarşı allergiya
Xülasə
Əlbəttə ki, yalnız mixəklə arzu etdiyiniz çəkini əldə edə bilməzsiniz. Yanaşı olaraq, düzgün qidalanma və fiziki aktivlik də zəruridir. Sağlam arıqlamaq üçün dietalar və idman hərəkətləri bu yolda Sizin köməyinizə gələcəkdir.